CƏMİYYƏT
AQTA xüsusi karantin rejimi ilə əlaqədar ərzaq məhsullarının satışı məntəqələrində monitorinqləri davam etdirir
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları ölkəmizdə koronavirusa qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar ərzaq məhsullarının satışı məntəqələrində monitorinqləri davam etdirirlər.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, agentliyin əməkdaşları qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, ərzaq məhsullarının satışı məntəqələrində xüsusi karantin rejiminə, eləcə də qurumun bu sahədə hazırladığı metodiki göstərişlərə əməl olunması ilə bağlı monitorinqlər keçirir. Eyni zamanda, həmin tədbirlər çərçivəsində qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində çalışan əməkdaşların maarifləndirilməsi ilə bağlı geniş təbliğat işləri görülür.
İndiyədək agentliyin əməkdaşları tərəfindən sahibkarlar arasında mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilib. Onlara termiki emal olunmadan və təmizlənmədən keçmədən istifadə olunan qida məhsullarının xüsusi yerlərdə saxlanılması, bu məhsulların alıcılara xüsusi geyimli market əməkdaşları tərəfindən təqdim edilməsi ilə bağlı tövsiyələr verilib. Eyni zamanda, ərzaq məhsullarının satışı ilə məşğul olan ticarət müəssisələrinin sahiblərinə daşınması qaydalara uyğun şəkildə həyata keçirilməyən qida məhsulları, xüsusilə çörək, digər un məmulatları, qənnadı məmulatlarının satış şəbəkələrinə daxil edilməməsi barədə məlumat verilib.
Qeyd edək ki, agentlik tərəfindən bu sahədə bir neçə metodiki göstəriş hazırlanaraq müvafiq sahibkarlıq subyektlərinə rəsmi şəkildə təqdim olunub.
Maarifləndirmə tədbirləri çərçivəsində respublikamızın bütün bölgələrində, eləcə də Bakı şəhərində fəaliyyət göstərən ərzaq məhsullarının satışı məntəqələrində AQTA əməkdaşları tərəfindən hazırlanmış təşviqat xarakterli çap materialları da ərzaq satışı məntəqələrində quraşdırılıb.
Agentlik bir daha vətəndaşları koronavirusla bağlı ərzaq məhsullarının satışı obyektlərində tətbiq olunmuş xüsusi rejimə əməl etməyə, virusdan qorunmaq üçün tələb olunan metodiki göstərişlərdə nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət etməyə çağırır.