CƏMİYYƏT


AQTİ-də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Ekspert Qrupu ilə görüş olub

Bakı, 11 may, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ölkəmizdə səfərdə olan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) Baytarlıq Xidmətlərinin Fəaliyyəti üzrə Ekspert Qrupu ilə görüş keçirilib.

OIE-nin Avropa ofisinin rəhbəri Budimir Plavşiç, qiymətləndirmə heyətinin rəhbəri Sabine Hutter, texniki ekspertlər Mixeil Sokhadze və Ago Paertelin iştirak etdiyi görüşdə AQTİ-nin əsas fəaliyyət istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, institutun fəaliyyəti əsasən qida təhlükəsizliyinə dair elmi-praktiki araşdırmaların və tədqiqatların aparılması, risk qiymətləndirilməsinin elmi əsaslarının formalaşdırılması, eləcə də mövcud beynəlxalq standartların, norma və qaydaların tələbi nəzərə alınmaqla, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin işlənilib hazırlanmasından ibarətdir.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalarda qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə həyata keçirilən analiz, ekspertiza və tədqiqat xidmətləri barədə də geniş məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Baytarlıq Xidmətlərinin Fəaliyyəti üzrə Ekspert Qrupu tərəfindən həyata keçiriləcək dövri qiymətləndirmənin əhəmiyyəti barədə danışılıb. Nəzərə çatdırılıb ki, qiymətləndirmə ölkədə baytarlıq xidməti və nəzarəti, laboratoriya strukturu, xarici ölkələrdən keçə biləcək xəstəliklərlə mübarizə, baytarlıqda kadr təminatı və digər mühüm sahələri əhatə etməklə xüsusi qəbul edilmiş standartlara uyğun və 5 ballıq sistem üzrə həyata keçiriləcək. Qiymətləndirmə barədə məlumatlar isə ölkələrarası ticarət əlaqələrinin genişlənməsinə təkan verəcək, idxal-ixrac əməliyyatlarının tənzimlənməsində mühüm rol oynayacaq.

Baytarlıq Xidmətlərinin Fəaliyyəti üzrə Ekspert Qrupunun əməkdaşları iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalara baxış keçirib, cihaz və avadanlıqlarla əyani tanış olublar. Laboratoriyaların beynəlxalq təşkilatlarla əməkdaşlığı, laboratoriyalararası səriştəlilik sınaqlarında əldə edilmiş uğurlar haqqında məlumat veriblər.

Görüşdə baytarlıq və heyvan sağlamlığı sahəsində birgə layihələrin icra vəziyyəti təhlil edilib, yeni əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi və əlaqələrin daha da genişləndirilməsinə dair qarşılıqlı razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.