CƏMİYYƏT
AQTİ qida məhsullarının izlənmə sisteminin qurulması üzrə peşəkar konsaltinq xidməti təklif edir
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTI) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida məhsullarının izlənmə sisteminin qurulması üzrə peşəkar konsaltinq xidməti təklif edir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, müəssisədə məhsulların izlənmə sisteminin qurulması xammal qəbulu və emalının qeydiyyatı, məhsul istehsalının qeydiyyatı, hazır məhsulun izlənməsi sistemi, həmçinin geri çağırma üzrə prosedurların hazırlanması dövrlərini əhatə edir. Peşəkar mütəxəssislər tərəfindən icra olunan xidmət müəssisəyə yararsız məhsulun anbarda qalma ehtimalının minimuma endirmək, yararsız məhsulu satış nöqtələrindən vaxtında yığışdırmaq, eyni zamanda, tədarükçü və distribüterlərin çatdırılma faizi və göndərmə dəqiqliyi üzrə qiymətləndirilməsini həyata keçirməyə imkan verir.
Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri qida məhsullarının izlənmə sisteminin qurulması üzrə peşəkar konsaltinq xidmətindən istifadə etmək üçün sahibkarlar (012) 377 00 20 (daxili 553) nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsaltinq, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri təklif edir.