AQUPDK-nin sədri Biləsuvarda vətəndaşları qəbul edib
AzerTAg.az
Biləsuvar, 6 dekabr, İlkin Adıyev, AZƏRTAC
Dekabrın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Biləsuvar rayonunda vətəndaşları qəbul edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bahar Muradova Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib, ərizə, müraciət və təkliflərinə baxıb.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Qəbulda iştirak edən vətəndaşlar əsasən ailə problemləri, məişət zorakılığı, ünvanlı sosial yardım, işlə təmin olunma, sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, təhsildən yayınma və bir sıra digər məsələlərlə bağlı müraciət ediblər. Müraciətlər edənlərin bəziləri resurs mərkəzinin təlimlərinə cəlb olunacaqlar.
Vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə dinlənilib, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.









Xəbərin mətnində orfoqrafik səhv var