REGİONLAR
AQUPDK sədri Zərdabda vətəndaşların müraciətlərini dinləyib VİDEO
Zərdab, 19 iyun, Adil Ağayev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin həlli üçün operativ tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, cari ay üçün qəbul cədvəlinə əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iyunun 19-da Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində Zərdab, Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Kürdəmir, İmişli, Beyləqan və Xocavənd rayonlarından olan 20-dək vətəndaşı qəbul edib.
Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib. Müraciətlər əsasən qadın sahibkarlara kömək, əlil uşaqların müalicəsi, erkən nikah və boşanmaların yaratdığı problemlər, övladlığa verilmə, uşaq hüquqlarının müdafiəsi və sair barədə olub.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılması zəruri olan bir sıra müraciətlər isə qeydiyyata götürülüb və onların həlli üçün konkret tapşırıqlar verilib.
Komitənin səlahiyyətlərinə aid olmayan bəzi müraciətlər də olub ki, bununla əlaqədar vətəndaşlara hərtərəfli izahat verilib, icra vəziyyəti nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Vətəndaşlar yaradılan şəraitdən razılıq edib, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra Dövlət Komitəsinin sədri Hicran Hüseynova Zərdab rayonunun bir qrup fəal qadını ilə görüşüb.