MƏDƏNİYYƏT


ƏRƏBŞÜNASLIĞIMIZA LAYİQLİ TÖHFƏ

AZƏRTAC xəbər verir ki, ölkəmizdə Azərbaycan-ərəb ədəbi əlaqələri, ərəb ölkələrinin ədəbi-mədəni həyatı barədə araşdırmalar aparılır, yeni-yeni tədqiqat əsərləri yazılır. Belə əsərlərdən biri də yazıçı, publisist, şərqşünas-tədqiqatçı, “AssA-İrada” informasiya agentliyinin baş direktoru, ingilis dilində çap olunan “Azernews” qəzetinin baş redaktoru Fazil Güneyin (Abbasovun) “Müasir Suriya romanı” monoqrafiyasıdır.

Əsər AMEA Şərqşünaslıq İnstitutu Elmi Şurasının qərarı ilə “Tural” NPM-də işıq üzü görmüşdür.

Ərəb dilini mükəmməl bilən Fazil Güney uzun illər Suriyada tərcüməçi kimi fəaliyyət göstərmiş, həmin dövrdən bu ölkənin ədiblərinin bədii nəsr nümunələrini tədqiq etmişdir.

Xatırladaq ki, müasir ərəb ədəbiyyatında bədii nəsrin Misir qolu, xüsusilə Misir romanı və romançıları kifayət qədər geniş surətdə tədqiq edilib öyrənildiyi halda, Suriya romanı və romançıları haqqında bunu demək olmaz. Fazil Güney bu boşluğu doldurmağa çalışmış, Suriya nasirləri tərəfindən ilk milli romanların yaradılmasını, Suriya romanının təşəkkülünü və inkişaf yolunu, nəhayət, püxtələşərək ümumərəb ədəbiyyatında öz layiqli yerini tutmasını elmi əsaslarla təsvir etmişdir. O, Azərbaycan oxucusunu XX əsrin 70-ci illərinədək yüzillik bir dövrdə Suriya ədəbi məkanında yazıb-yaratmış yazıçılar nəsli ilə tanış edərək onların əsərlərinin tarixi, milli vətənpərvərlik, fəlsəfi, ictimai, habelə kənd həyatı və s. mövzular üzrə təsnifatını aparmış, bu əsərlərin elmi təhlilini vermişdir. Yeri gəlmişkən, XIX və XX əsrlərdə yazıb-yaratmış həmin yazıçılar - Fransis əl-Marraş, Numan əl-Qasatili, Səlim əl-Bustani, Abdul Məsih əl-Əntaki, Mixail əl-Saqqal, Həmid əl-Zəhravi, Şükri əl-Asəli, Məruf əl-Arnaut, Şəkib əl-Cəbri, Hannə Minə, Fəris Zərzur və başqaları MDB məkanında ilk dəfədir ki, tədqiqata cəlb olunurlar. Hannə Minənin əsərlərində türk toponimlərinin, türk sözlərinin işlənməsi də müəllifin diqqətindən yayınmamışdır.

Fazil Abbasovun əsərindən onun tədqiq etdiyi predmetə məhəbbəti də aşkar hiss olunur. Bu, bəzən onun Azərbaycan və Suriya ədəbiyyatlarının topoloji təhlilində də özünü göstərir.

Monoqrafiyanın dili səlis, oxunaqlı, müəllifin söylədiyi mülahizələr, çıxardığı nəticələr məntiqi və elmidir. O, Azərbaycan və Suriya ədəbiyyatşünaslığı ilə bərabər, sözügedən əsrlərdə Türkiyə ədəbiyyatını öyrənən tədqiqatçılar üçün də dəyərli elmi mənbədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.