REGİONLAR
ARAN İQTİSADİ RAYONUNDA DAŞQIN SULARI TƏHLÜKƏSİZ AXACAQ
AZƏRTAC xəbər verir ki, əhalinin Kür çayının daşqınlarından təhlükəsizliyinin təmin edilməsi və bu çayın ətrafındakı torpaqların şoranlaşmasının qarşısının alınması məqsədi ilə regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, Aran iqtisadi rayonunda tədbirlər görülür. Belə ki, Kür və Araz çaylarında daşqın sularını təhlükəsiz axıtmaq üçün 254 kilometr uzunluğunda mövcud bəndlər hündürləşdirilmiş və möhkəmləndirilmiş, 7 min 470 kubmetr həcmində sahilbərkitmə işləri görülmüşdür. 19,5 kilometrlik kollektorun 13,4 kilometri qazılmış, onun boyunca 13,5 kilometrlik istismar yolu çəkilmiş və 46 kilometrlik təsərrüfatlararası suyığıcı kollektorlar bərpa edilmişdir.
Kür çayının əsas məcrasında 4,4 kilometr məcratəmizləmə, Xəzər dənizində 1,2 kilometr dərinləşdirmə işləri aparılmış və 2,6 kilometrlik yeni yolun qazılması tamamlanmışdır. Hazırda layihəyə uyğun olaraq dərinləşdirmə işləri davam etdirilir.
Mingəçevir su anbarının sağ sahilində torpaq sürüşməsinin nəticələri aradan qaldırılmışdır.