İDMAN
“ARAZ” KOMANDASI “HYUNDAİ” DÜNYA FUTZAL ÇEMPİONATININ BÜRÜNC MEDALINI QAZANMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Araz” futzal komandası Almaniyada “Hyundai” kuboku uğrunda keçirilən dünya çempionatının bürünc medallarına layiq görülmüşdür.
Final mərhələsində komandamız Avstraliya, İspaniya və Səudiyyə Ərəbistanının klubları ilə bir qrupda mübarizə aparmışdır.
İlk görüşdə avstraliyalıları 4:0 hesabı ilə məğlub edən Azərbaycan çempionu növbəti qarşılaşmada İspaniya kollektivi ilə heç-heçə oynamışdır - 2:2. Səudiyyə Ərəbistanının komandası ilə keçirilən son oyunda 5:1 hesabı ilə üstün gələn həmyerlilərimiz yarımfinala vəsiqə qazanmışlar. Bu mərhələdə komandamız Cənubi Afrika Respublikası klubuna 2:4 hesabı ilə uduzmuşdur.
Üçüncü yer uğrunda görüşdə futzalçılarımız Kosta-Rika komandasına 3:1 hesabı ilə qalib gələrək, turnirin bürünc medallarına layiq görülmüşlər.