REGİONLAR
“ARB Şimal” telekanalı 11 yaşını qeyd edir
Quba, 15 noyabr, Elxan Yusifli, AZƏRTAC
“ARB Şimal” telekanalı 11 yaşını qeyd edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2007-ci il noyabrın 15-də Xaçmazdan yayıma başlayan “ARB Şimal” on bir illik inkişaf yolunda tamaşaçıların qarşısına bir-birindən maraqlı layihələrlə çıxıb.
“ARB Şimal” hazırda ölkənin ən böyük media tərəfdaşlıq layihəsi - ARB Media Qrupda təmsil olunur.
İlk gündən tamaşaçıların zövqünü oxşamağa çalışan televiziyada daha çox bölgənin istedadlı və perspektivli gənclərinə güvənilir. Bununla yanaşı, peşəkar kadrların təcrübəsi də televiziyanın inkişafında öz sözünü deyib. “ARB Şimal”ın efirində Azərbaycanın bir çox tanınmış aparıcıları və incəsənət nümayəndələrinin təqdimatında baxımlı layihələr yayımlanıb.
Telekanal əməkdaşlarının regiondan hazırladığı operativ və dəqiq xəbərlər ölkə mediasının istinad mənbəyinə çevrilib. Televiziyanın Xəbərlər, İctimai-Sosial Proqramlar Departamenti yerli xəbərləri dolğun və operativ işıqlandırdığına görə “Media açarı–2010” mükafatına layiq görülüb. Televiziyada hazırlanan videoçarxlar “Azərbaycan ailəsi-2011”, “Azərbaycan ailəsi–2015” film festivallarında qalib gəlib. Bununla yanaşı, “ARB Şimal” dəfələrlə ilin region kanalı seçilib, bir sıra beynəlxalq festivallarda nailiyyətlər qazanıb.
“ARB Şimal” ölkəmizdə rəqəmsal yayıma keçən ilk televiziya kanallarındandır. Telekanal artıq dörd ildir ki, yayımını tam rəqəmsal formada gerçəkləşdirir. Telekanal qısa müddətdə ölkə mediasında peşəkar fəaliyyəti ilə populyarlıq qazanıb.