İQTİSADİYYAT
ARDNF-də Yay Təcrübə Proqramına start verilib

Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Yay Təcrübə Proqramının açılış mərasimi olub. Müxtəlif mərhələlərdən sonra təcrübə proqramına seçilmiş tələbələrə Fond əməkdaşları tərəfindən təqdimat keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, İnsan resursları departamentinin aparıcı mütəxəssisi Günel Əsgərova hər il keçirilən təcrübə proqramının Fondun işə qəbul strategiyasındakı əhəmiyyətli rolunu vurğulayıb və proqram barədə ətraflı məlumat verib.
Daha sonra İnvestisiya departamentinin Sabit gəlirli qiymətli kağızlar və pul bazarları şöbəsinin baş treyderi Elvin Abbasov Fondun investisiya fəaliyyəti və aktivlərin bölgüsü mövzusunda təqdimatla çıxış edib.
Fondun İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi Aynurə Səmədova isə Fondun korporativ dəyərləri və etik davranış qaydaları barədə danışıb.
"Təhlilçi Məzun - 2022" təcrübə proqramının iştirakçısı olmuş və hazırda Fondun İnvestisiya departamentinin Sabit gəlirli qiymətli kağızlar və pul bazarları şöbəsində treyder vəzifəsində çalışan Fuad İsgəndərov da Fondla bağlı təcrübəsini tələbələrlə bölüşüb.
Sonda təcrübəçilərin suallarını cavablayan Fond əməkdaşları onlara tövsiyələrini veriblər.
Qeyd edək ki, proqramın davam edəcəyi 8 həftə ərzində təcrübəçilər, İnvestisiya, Risklərin İdarəedilməsi, Neft Kontraktları İnsan Resursları, Büdcə Proqnozlaşdırma və Layihələr, Mühasibat uçotu və hesabatı, İctimaiyyətlə Əlaqələr, Daxili Audit, Hüquq, İnformasiya Texnologiyaları kimi fərqli departamentlərdə və İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin idarəedilməsi şöbəsində real iş mühitində təcrübə və əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahələrdə praktik vərdişlər qazanmaq imkanı əldə edəcəklər.