İQTİSADİYYAT
ARDNŞ 2001-Cİ İLDƏ 9012,0 MİN TON NEFT HASİL ETMİŞDİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2001-ci ildə 9012,0 min ton neft hasil etmişdir. Şirkətin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu, nəzərdə tutulduğundan 1,3 faiz və ya 112,0 min ton çoxdur.
Quruda və dənizdə müvafiq olaraq 1596,1 və 7415,9 min ton neft çıxarılmışdır. Bu göstəricilərin birincisi nəzərdə tutulan həcmdən 7,1 faiz və ya 107,1 min ton, ikincisi isə 0,1 faiz və ya 5,9 min ton çoxdur. Bununla belə, 12 ay ərzində dənizdə 2000-ci ilin həmin dövrü ilə müqayisədə 1,2 faiz az neft hasil olunmuşdur. Kəsir 86,9 min ton təşkil etmişdir. Quruda isə 2000-ci ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı 5,7 faiz və ya 85,5 min ton artmışdır.
ARDNŞ dekabr ayında 748,8 min ton neft - 611,4 min ton dənizdə, 137,4 min ton isə quruda - çıxarmışdır. Nəzərdə tutulmuş həcmə dənizdə 2,9 faiz az, quruda isə 8,4 faiz çox əməl olunmuşdur.