İQTİSADİYYAT
ARDNŞ NABUCCO LAYİHƏSİNƏ MARAQ GÖSTƏRİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, şirkətin prezidenti Rövnəq Abdullayev aprelin 12-də Avstriyanın “OMV” neft şirkətinin baş komitəsinin direktor müavini Gerhard Roysun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
ARDNŞ-in prezidenti Azərbaycanın karbohidrogen ehtiyatlarını Avropaya ixrac etməkdə maraqlı olduğunu bildirərək, Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz boru kəmərləri haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, hazırda Xəzər hövzəsində hasil olunan enerji daşıyıcılarının Avropaya ixracı üçün nəzərdə tutulan bir neçə transmilli layihə mövcuddur və bunların arasında Nabucco layihəsinə də maraq böyükdür. Azərbaycan öz təbii qaz həcmlərini Avropaya ən əlverişli kommersiya şərtləri ilə ixrac etmək niyyətindədir və bununla bağlı həm Nabucco, həm də digər mövcud layihələrin texniki-iqtisadi əsaslarına dair məlumatlar almaq üçün belə görüşlər mühüm əhəmiyyət kəsb edir.
Gerhard Roys gələcəkdə Azərbaycanın Xəzər hövzəsindəki neft-qaz ehtiyatlarının Nabucco kəməri vasitəsilə Avropaya nəql edilməsində həm iştirakçı, həm də tranzit ölkə kimi böyük rol oynayacağına əmin olduqlarını söyləyərək, ARDNŞ ilə istər bu, istərsə də digər sahələrdə münasibətlərin inkişafına maraq göstərdiklərini demişdir. O, həmçinin əhəmiyyətli xam neft imkanlarına malik ARDNŞ və neft məhsullarının marketinqi üzrə zəngin təcrübə qazanmış “OMV” şirkəti arasında emal sahəsində əməkdaşlıq perspektivlərinin də geniş olduğunu söyləmişdir. ARDNŞ və “OMV” arasında tərəfdaşlıq imkanlarının araşdırılması məqsədi ilə danışıqların ekspertlər səviyyəsində davam etdirilməsi zərurəti vurğulanmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunuldu.