İQTİSADİYYAT
ARDNŞ SOSİAL-İQTİSADİ PROQRAMLARIN İCRASINA DƏSTƏK VERİR
Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, regionların və Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı haqqında proqramların həyata keçiriməsində ARDNŞ-in də üzərinə mühüm vəzifələr düşür. Ötən il Lənkəran və Naxçıvanda müasir tələblərə cavab verən regional müalicə-diaqnostika mərkəzləri, Əli Bayramlıda 35 mənzilli yaşayış binası, Bakıda, Mərdəkanda 1200 yerlik məktəb binaları, Bakıxanov qəsəbəsində 400 kubmetrlik 3 su hovuzu və s. tikilib istifadəyə verilmişdir.
Bərdə, Qazax, Zaqatala, Əli Bayramlı, Qəbələ, Quba və Gəncədə beynəlxalq standartlara cavab verən müalicə-diaqnostika mərkəzlərinin və digər obyektlərin inşası uğurla davam etdirilir. Mərkəzi Neftçilər Xəstəxanasının müasir tələblərə uyğun beşmərtəbəli poliklinika binası, eləcə də neftçilərin Oftalmoloji Mərkəzi tikilib istifadəyə verilmişdir.
Bundan əlavə, qurumun mədəniyyət obyektlərinin əksəriyyəti son illər əsaslı təmir edilmişdir. Mərdəkan və Lökbatan qəsəbələrində fəaliyyət göstərən mədəniyyət saraylarında əsaslı təmir işlərinə başlanmışdır. Bu sarayların cari ilin birinci yarımilliyində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.