İQTİSADİYYAT
ARDNŞ-in Rumıniya nümayəndəliyinin direktoru “Naşul” verilişinin qonağı olmuşdur VİDEO
Buxarest, 28 yanvar (AZƏRTAC). ARDNŞ-in Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimov Rumıniyanın “Naşul Tv” televiziya kanalında eyni adlı “Naşul” (Xaç atası) verilişinin qonağı olmuşdur.
Verilişin aparıcısı Radu Moraru qonağa ARDNŞ-in Rumıniyadakı fəaliyyəti və perspektivləri barədə suallar vermişdir. Həmzə Kərimov təmsil etdiyi şirkət, onun xaricdə həyata keçirdiyi layihələr, Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP, Petkim, Star neft emal zavodu barədə danışmışdır. O, Rumıniya ilə Azərbaycan arasında yüksək səviyyədə siyasi və iqtisadi əlaqələr qurulduğunu, ölkələrimizin strateji tərəfdaş olduqlarını vurğulamışdır. H.Kərimov Rumıniya bazarında ARDNŞ-in investisiyalarının istiqamətini və gələcək inkişafını təfərrüatı ilə diqqətə çatdırmış, Azərbaycanda gedən inkişafı, minlərlə azərbaycanlı tələbənin dövlət hesabına xarici ölkələrdə təhsil almasını uğurlu daxili və xarici siyasətin nəticəsi kimi dəyərləndirmişdir.
Aparıcı Radu Moraru Rumıniyada təhsil alan tələbənin ARDNŞ-ın Rumıniya nümayəndəliyinin direktoru vəzifəsini tutmasının təqdirəlayiq hal olduğunu bildirmişdir. R.Moraru Azərbaycan Prezidenti İlham Əliyevin neftdən əldə olunan gəlirlərin insan kapitalına çevrilməsinə, qeyri-neft sektoruna yatırımların davam etdirilməsinə yönəlmiş siyasətini alqışlamışdır. O, son illər Azərbaycanın turizminə qoyulan investisiyaların ildən-ilə artan turist axını ilə müşayiət olduğunu, xizək sürmək üçün Şahdağ idman-turizm kompleksinə getməyi planlaşdırdığını demişdir.
Veriliş rumın tamaşaçıları tərəfindən maraqla izlənilmişdir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest