MƏDƏNİYYƏT
“ARENA”NIN TÜRK DÜNYASININ BÖYÜK OĞLU PREZİDENT HEYDƏR ƏLİYEVƏ HƏSR OLUNMUŞ XÜSUSİ BURAXILIŞI ÇAPDAN ÇIXMIŞDIR
Ziyarətin adı bir, zəvvarı cərgə-cərgə.
İnsan axır sel kimi, güllə, çiçəklə birgə,
Arzuları müqəddəs, ruhu təzə, tər yatır,
Görən torpaq bilirmi, qoynunda Heydər yatır?
Şair Zəlimxan Yaqubun bu misraları “Arena”nın ümummilli liderimiz Prezident Heydər Əliyevə həsr olunmuş xüsusi buraxılışının ümumi ruhunu ifadə edir.
Buraxılış əbədi liderimizin Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciətindən bir hissə ilə açılır. Məlum olduğu kimi, həmin müraciətində müdrik siyasətçi prezident seçkilərində namizədliyini respublikanın Baş naziri İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan edir və seçiciləri ona səs verməyə çağırırdı: “Üzümü sizə, həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Yaradıcı kollektiv İlham Əliyevin prezident seçilməsini ilin qələbəsi, Prezident Heydər Əliyevin vəfatını ilin faciəsi hesab edir.
Baş redaktor Səyyad Ağbabalı ilk səhifədə ötən il oktyabrın 15-də keçirilmiş seçkilərdə qalib gəlmiş İlham Əliyevə həsr olunmuş “Uğur olsun, cənab Prezident!” yazısı ilə çıxış edir. Yazı inam dolu bu sözlərlə bitir: “Böyük öndərin siyasi varisi kimi, Siz ölkəmizi xoşbəxt gələcəyə qovuşduracaqsınız”. Bunun ardınca oxuculara dünyanın tanınmış siyasətçiləri, şəxsiyyətləri və dövlət rəhbərlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev barədə deyimləri xatırladılır.
Buraxılışda Prezident Heydər Əlirza oğlu Əliyevin dəfn mərasiminin təşkili üzrə Dövlət Komissiyasının nekroloqu, dünya siyasətçiləri və dövlət xadimlərinin ümummilli liderimiz haqqında ürək sözləri verilmişdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin “Heydər Əliyev Azərbaycan Konstitusiyasının yaradıcısıdır”, Baş nazirin birinci müavini Abbas Abbasovun “Hökuməti idarə etməyin Heydər Əliyev modeli”, milli təhlükəsizlik naziri Namiq Abbasovun “Heydər Əliyevin təhlükəsizlik fenomeni”, Azərbaycan Prezidenti İcra Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun “Hüquqi dövlətin banisi, insan hüquq və azadlıqlarının təminatçısı”, sabiq xarici işlər naziri Həsən Həsənovun “Heydər Əliyevin diplomatiya məktəbi”, BDU-nun rektoru Abel Məhərrəmovun “Bakı Dövlət Universiteti özünün dünyaşöhrətli məzununun yolunu davam etdirəcək”, ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadənin “Heydər Əliyev neft strategiyası və diplomatiyasının banisidir”, ədliyyə nazirinin müavini Aydın Qasımovun “Şərqdə və İslam dünyasında ilk dəfə ölüm hökmünə “yox!” deyən böyük Heydər Əliyev oldu”, AVP sədri Fəzail Ağamalının “Azərbaycanı xaos diktaturasından xilas edən lider” məqalələrində və digər materiallarda türk dünyasının böyük oğlunun tarixi xidmətlərinin bəzi məqamları xatırladılır. Bundan əlavə, jurnalda Zəlimxan Yaqubun “Görən torpaq bilirmi qoynunda Heydər yatır?”, Rizvan Cəbiyevin “XX əsrin Heydər Əliyev möcüzəsi”, daxili işlər nazirinin müavini Əsgər Ələkbərovun “Böyük Öndərin axıra çatdıra bilmədiyi işləri onun siyasi varisi yerinə yetirəcək” materialları, əvəzsiz şəxsiyyətin Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrinə diqqətindən, dinə münasibətindən bəhs edən yazılar da dərc olunmuşdur.
Xüsusi buraxılış “Nurlan” nəşriyyatının mətbəəsində nəfis şəkildə çap olunmuşdur.