CƏMİYYƏT
ARGTMŞ-ın Avropa İttifaqı ölkələrində könüllülük mübadiləsi davam edir
Bakı, 20 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Avropa İttifaqı ölkələrində könüllülük mübadiləsi davam edir. ARGTMŞ 2013-cü ildən Avropa Könüllülük Xidmətinin akkreditasiyasını keçərək proqram çərçivəsində “göndərən” və “qəbul edən” təşkilat olaraq Avropanın müxtəlif ölkələrində könüllülərin mübadiləsini həyata keçirir. Könüllülərdən biri fəal gənc Jalə Ələkbərova da proqram çərçivəsində Bolqarıstanda təşkil edilən 2 aylıq “EVS 4 All” adlı təcrübə proqramında iştirak şansı qazanıb.
Şuradan AZƏRTAC-a bildiriblər ki, Jalə Ələkbərova bakalavr təhsilini Bakı Dövlət Universitetində başa vurub, hazırda isə Azərbaycan Dövlət İqtisad Universitetində magistr pilləsində təhsil alır. Jalə Ələkbərova artıq 5 ildir ki, fəal gənclərdən biridir. Bu illər ərzində ARGTMŞ-ın üzvü olan “Avropa Tələbələr Forumu-Bakı” İctimai Birliyi və “Yuva” Humanitar Mərkəzi təşkilatlarında könüllü olaraq fəaliyyət göstərib. Ümumilikdə 11-dən çox beynəlxalq və 25-dən çox yerli layihədə iştirakçı qismində, 10-a yaxın layihədə isə təşkilatçı qismində iştirak edib.
Jalə Ələkbərova Azərbaycana qayıdandan sonra proqram haqqında öz təəssüratlarını bizimlə bölüşüb: “Mənim üçün böyük təcrübə olan “EVS 4 All” adlı Avropa Könüllülük Xidməti layihəsi ilə əlaqədar Bolqarıstanda təcrübə proqramında iştirak etdim. Bolqarıstanda 2 ay ərzində 3 Eramus+ layihəsinin təşkilati proseslərində iştirakçı oldum, “Youth Caravan” layihəsi çərçivəsində bu ölkənin 6 şəhərində Avropa Könüllülük Xidmətinin təbliğini apardım, gənclər üçün “online magazine” və “2 radio show” hazırladım. Avropa Könüllülük Xidməti vasitəsilə əldə etdiyim təcrübə və biliklər əsasında ölkəmizdə tədbirlər reallaşdırmaq istərdim. Gənclərə əhəmiyyəti böyük olan layihələrin təşkil edilməsi bizim üçün əla fürsətdir. Avropa Könüllülük Xidmətində iştirak etmək istəyən gənclərə məsləhətim budur ki, mümkün qədər daha çox könüllülük mübadilələri layihələrində iştirak etsinlər”.