SİYASƏT
ARİEL ŞARON YƏHUDİLƏRİ FRANSANI TƏRK ETMƏYƏ ÇAĞIRIR
Baş nazirin İsrailə immiqrasiya etmək barədə çağırışı Fransada yaşayan yəhudilər tərəfindən heç də birmənalı qarşılanmamışdır. Çoxları bu müraciətin arxasında gizli bir siyasi gediş olduğunu qeyd etmiş, onları Fransada yaşayan müsəlmanlara qarşı qoymaq kimi qiymətləndirmişlər. Fransadakı yəhudi təşkilatlarının məsləhət şurasının üzvü Rişar Praskiye ölkədəki yəhudilərin əksəriyyətinin fikrini ümumiləşdirərək bildirmişdir ki, yəhudi icması öz uşaqlarının gələcəyi üçün real narahatlıq keçirir. İcma yaxşı bilir ki, Fransanın siyasi dairələri antisemitizmlə mübarizə aparmaq üçün hər şeyi edir.
Fransanın Xarici İşlər Nazirliyi Ariel Şaronun yeni çağırışlarından ciddi narahatlıq keçirdiyini bildirmiş və bu məsələyə aydınlıq gətirmək üçün İsrail hökumət orqanları ilə tez bir vaxtda əlaqə yaratmağı qərara almışdır.