İDMAN
ARİF ABDULLAYEV SƏRBƏST GÜLƏŞ ÜZRƏ DÜNYA ÇEMPİONUDUR
Azərbaycan idmançısı Arif Abdullayev Nyu-Yorkda keçirilmiş sərbəst güləş üzrə dünya çempionatında finalda Kuba nümayəndəsini məğlubiyyətə uğradaraq, 66 kiloqram çəki dərəcəsində qızıl medala layiq görülmüşdür. Pəhləvanımız bu qələbə ilə həm də 2004-cü ilin Afina Olimpiadasında iştirak etmək hüququ qazanmışdır. İdmanın bu növündə Azərbaycandan axırıncı dəfə dünya çempionu Xəzər İsayev olmuşdur. Xəzər 1986-ci il dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.
Respublika Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, digər idmançımız – Elnur Aslanov 74 kiloqram çəki dərəcəsində 10 ən güclü pəhləvan sırasına çıxaraq, Olimpiadada iştirak etmək hüququ qazanmışdır.
Bu yarışlarda ölkəmizi 5 idmançı təmsil edirdi. Onlardan biri Sidney Olimpiadasının çempionu Namiq Abdullayev idi. Lakin adlı-sanlı güləşçimiz ilk görüşdə zədələnərək, çempionatda çıxışını dayandırmalı olmuşdur.
Xatırladaq ki, bundan əvvəl iki Azərbaycan atıcısı – İradə Haşımova və Zemfira Meftahəddinova da qarşıdakı Olimpiya oyunlarında iştirak etmək üçün lisenziya qazanmışlar.