MƏDƏNİYYƏT
ARTIM layihə məkanında dörd sərgi açılıb
Bakı, 4 noyabr, AZƏRTAC
“YARAT” Müasir İncəsənət Mərkəzinin ARTIM layihə məkanında müxtəlif mövzularda dörd sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgilərdə gənc rəssamlar Şəlalə Salamzadə, Suyinbike Süleymenova, Nəzrin Musayeva, Nərmin Nəsibova, Vüsal Rəhim, Samir Salahov, Nicat Məmmədov və Zöhrab Salamzadənin əsərləri nümayiş olunur.
Şəlalə Salamzadə və Suyinbike Süleymenovanın “Rebirth.exe” adlı sərgisində tamaşaçı real və virtual aləmlə sərhədləri itirir və ekranlardan gördüyü ideal həyatı təkrarlamağa çalışır. Layihənin tərzi kompüter səhvləri əsasında qurulub. Bu da həyatımızın səhvlərlə dolduğunu əks etdirir. “Rebirth.exe” bizim şüurumuzu yeniləyəcək bir xəyali fayl ideyasını əks etdirir.
Nəzrin Musayeva və Nərmin Nəsibovanın “Live life to the fullest” (Dolğun həyat yaşamaq) adlı sərgisi hər bir insan üçün xüsusi məna kəsb edir. Sözün istənilən mənasında hər kəs “dolğun həyata” aparan yolda istər-istəməz müxtəlif çətinliklər və ictimai fikirlərlə rastlaşmalı olur. Bunlar isə çox vaxt insanların öz məqsədlərinə gedən yolda təslim olmasının, hamının öz həyatını tam, dolğun yaşamağa heç də həmişə müvəffəq olmamasının başlıca səbəbi sayılır. Öz əsərlərində rəssamlar Azərbaycan cəmiyyətinin öz həyatını həqiqətən istədiyi kimi yaşamasına mane olan, tez-tez rast gəldiyimiz vəziyyətləri, eləcə də bu vəziyyətləri öz təcrübələrində yaşamış insanların keçirdiyi emosiyaları göstərmək istəyiblər. Bu layihənin kuratorları Lalə Cümşüdlü, Çinarə Həsənova, Səbinə Səfərova, Berfu Selin Özsaraç Tuncadır.
Vüsal Rəhimin “Sözsüz nəğmələr: Dialoq”unda həyat yaranandan bəri günümüzə qədər mövcud olan “dialoq” hər an və hər saniyə bizi əhatə edir anlamına gəlir. Daim bizimlə birgə olan “dialoq” həm var, həm də yoxdur. Yəni, varlıq olaraq mövcud olduğu halda, gözə görünmür. Bu “gözəgörünməz” varlığa vücud verməyi düşünərək, biz belə bir layihəyə start verdik. Dialoq var ki, insanı qarşı-qarşıya qoyar, digərinin qarşısında baş əydirər, ömür boyu onu çiynində daşımağa vadar edər. Dialoq var ki, səni yandırar. Dialoq da var ki, onun sonunda, istəyirsən ürəyini çıxarıb qarşında olan şəxsə verəsən. Videoda rəssamın öz heykəli ilə apardığı “dialoq” vizuallaşdırılıb. Bu işin kuratorları Sadiq Qurbanzadə, Sevil Zeynalova, Günel Əliyeva və Nigar Cavadovadır.
Rəssamlar Samir Salahov, Nicat Məmmədov, Zöhrab Salamzadənin sərgisi “Zaman zaman içində...” adlanır. Hər kəs “zaman nədir?” sualının cavabını bilir. Amma zamanın müxtəlif tərifləri həmişə eyni olmayan mülahizələrlə ifadə edilir. Zaman məfhumuna fəlsəfə, din və tarix kimi müxtəlif baxış bucaqlarından yanaşmaq və ya onu təhlil etmək mümkündür. Biz isə hesab edirik ki, “zaman” – bəşəriyyətin öz keçmişi və gələcəyinə qoyduğu yeganə sərmayədir. Faktiki olaraq, maddi və mənəvi dəyərlər bəşər övladı tərəfindən yaradılan konsepsiyalardır. Bu baxımdan zaman həmin dəyərlərin dəyişkənliyində həlledici amil kimi çıxış edir. Keçmişə nisbətdə gündəlik həyat indiki zamanımızı müəyyən edən, dərindən kök salmış təcrübələr və adətlər, ya da azad olmaq istədiyimiz emosional yüklərdən ibarət ola bilər. Eyni zaman axınından asılı olaraq, gündəlik ehtiyaclarımız üçün istifadə etdiyimiz bütün materiallar, nadir arxeoloji tapıntı, ya da sadəcə tullantı sayıla bilər. Bu sərginin kuratoru Nigar Mirzaidir.
Sərgilər noyabrın 17-dək davam edəcək.