ELM VƏ TƏHSİL
ARXEOLOQLAR TACİKİSTAN ƏRAZİSİNDƏ ODA SİTAYİŞİN İZLƏRİNİ TAPMIŞLAR
İTAR-TASS xəbər verir ki, Tacikistan arxeoloqları Düşənbədən 200 kilometr cənub-şərqdə yerləşən Kulyab şəhərində daş dövrünə aid ibtidai insan məskənində qazıntılar apararkən ən qədimdən həmin ərazidə oda sitayişin mövcudluğuna dair ilk dəlillər tapmışlar. Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi əməkdaşı Tatyana Filimonova bildirmişdir ki, insanlar burada 8 min il bundan əvvəl məskunlaşmış və özlərindən sonra təkcə daş alətlər deyil, həm də mərasim tikililəri qoyub getmişlər.
Yaxşı saxlanmış, düzbucaqlı formasında, kənarlarında iki yumurtavari oyuğu olan basmanaxışlı daş daha böyük maraq doğurmuşdur. Bu daşdan məişətdə istifadə edilə bilməzdi. Tacik arxeoloqunun fikrincə, belə mərasim tikililərinin bənzərləri Kulyab yaxınlığında - Tunc dövrünə aid insan məskənlərində də tapılmışdır. Burada naxışlı daş qədim qəbiristanlığın yanında yerləşirdi ki, bu da onun xüsusi təyinatından xəbər verir. Oyuqları isə alovun daim şölələndiyi, gözəl bəzək vurulmuş mehrablar əvəz etmişdi. Tatyana Filimonova demişdir:”Müxtəlif dövrlərə aid abidələrdə apardığımız tədqiqatlar qədim dövrlərdə oda sitayişin yaranması və getdikcə dəyişikliyə uğraması prosesini izləməyə imkan verir”.