SİYASƏT
ƏR-RİYADDA GÖRÜŞ
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, ölkəmizin Krallıqdakı fövqəladə və səlahiyyətli səfiri Elman Araslı yanvarın 27-də Səudiyyənin Ər-Riyad bölgəsinin əmiri Salman bin Əbdüləziz Al Səudla görüşmüşdür. Əmir Səudiyyə rəhbərliyinin Azərbaycanla əlaqələrə xüsusi diqqət yetirdiyini, respublikamıza və onun müsəlman xalqına ehtiram əlaməti olaraq ölkə paytaxtında küçələrin birinə Azərbaycan adının verilməsinin bu yaxınlığın və qardaş əlaqələrinin bir təzahürü olduğunu qeyd etmiş və iki ölkə arasında münasibətlərin daha da möhkəmləndiriləcəyinə və əməkdaşlığın genişləndiriləcəyinə əmin olduğunu bildirmişdir.
Səfir Ər-Riyad şəhərinin kücələrinin birinə Azərbaycan adının verilməsi barədə məlumatın respublikamızın rəsmi dairələri və ictimaiyyəti tərəfindən böyük minnətdarlıq və təşəkkür hissi ilə qarşılandığını əmir Salmanın diqqətinə çatdırmış və bu hadisənin iki dost ölkə arasında qardaşlıq əlaqələrinin nümunəsi olduğunu vurğulamışdır.
Görüşdə hər iki tərəf üçün əhəmiyyət daşıyan digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.