CƏMİYYƏT


“ASAN Akademiya 2019” layihəsinin açılış mərasimi keçirilib YENİLƏNİB

Bakı, 22 aprel, AZƏRTAC

“ASAN Könüllüləri”n təşkilatçılığı ilə həyata keçirilən “ASAN Akademiya 2019” layihəsinin rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, layihə aprelin 20-dən iyunun 20-dək olan müddəti əhatə edəcək.

“ASAN Akademiya 2019” layihəsinin əlaqələndiricisi Türkan Şahvəlli layihənin beş ildir ki, fəaliyyət göstərdiyini, bu illər ərzində xeyli gəncin müxtəlif dövlət və özəl qurumlarda özünə karyera qurduğunu söyləyib. Onun verdiyi məlumata görə, iştirakçılar 16-25 yaş arasındadır və bu il 2 mindən artıq gəncin içərisindən müsahibə yolu ilə ən uğurlu hesab edilən 50 nəfər seçilib. Burada başlıca məqsəd müxtəlif ixtisaslar üzrə təhsil alan, fərdi inkişafa dəyər kimi baxan gəncləri bir araya toplamaq, onları təcrübi biliklərə yiyələndirməkdir. Həmçinin onların karyeralarında irəliləmələri üçün təkan verməklə intellektual potensiallarını düzgün dəyərləndirmək də prioritet məsələlərdən biridir. Builki layihə iştirakçıları arasında ali məktəblərə ötənilki qəbul imtahanı zamanı 700 bal yığan tələbə də var.

Layihə müddətində iştirakçılar üçün peşəkarlar tərəfindən liderlik, psixologiya, ictimai idarəetmə, innovasiya, maliyyə, hüquq modulları üzrə xüsusi proqram tədris olunacaq.

İştirakçıların təcrübi biliklərə yiyələnməsi, proqramın real tətbiqi məqsədilə tədris prosesindən əlavə müxtəlif xüsusi məkanlara ekskursiyaların təşkili nəzərdə tutulur.

Təlimlərdən sonra iştirakçılar imtahan zamanı əldə etdikləri bilik və bacarıqları nümayiş etdirəcək və onlara müxtəlif diplomlar veriləcək. Həmçinin onların öyrəndikləri bilikləri dövlət və özəl qurumlarda təcrübədən keçirmək imkanı yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.