SİYASƏT


ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

Bakı, 24 iyun, AZƏRTAC

BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində iyunun 24-də dövlət xidmətlərinin göstərilməsi üzrə ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb. ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasının təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.

AZƏRTAC xəbər verir ki, sənədi Azərbaycan, Türkiyə, Mərakeş, Monteneqro, İndoneziya, Əfqanıstan, Uqanda və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri imzalayıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev sənədin imzalanmasını yüksək qiymətləndirib. O bildirib ki, ASAN Beynəlxalq Assosiasiyasının yaradılması ilə tərəfdaşlar arasında dövlət xidmətlərinin göstərilməsi sahəsi üzrə nadir əməkdaşlığın qurulması, müvafiq sahədə səmərəli idarəetmə üzrə müasir çağırışları və vacib problemləri müzakirə etmək üçün ekspertlərin, mütəxəssislərin institusional şəbəkələşməsinin yaradılması nəzərdə tutulur.

Assosiasiyanın yaradılmasına dair Niyyət Bəyannaməsi çərçivəsində, həmçinin müvafiq sahə üzrə ən qabaqcıl təcrübələrin və ekspertizaların davamlı mübadiləsi üçün institusional platforma təsis olunacaq, dövlət xidmətlərinin göstərilməsində innovasiyaların tətbiqinin təşviqi həyata keçiriləcək.

Niyyət Bəyannaməsinin imzalanmasında iştirak edən tərəfdaş dövlətlərin nümayəndələri Dövlət Agentliyinə ASAN Beynəlxalq Assosiasiyasının təsis görüşünü təşkil etdiyinə görə minnətdarlıqlarını çatdırıb, bu təşəbbüsün əhəmiyyətini vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.