CƏMİYYƏT
ASAN E-gov modeli “Tallinn E-hökumət 2018” konfransında
Bakı, 30 may, AZƏRTAC
Mayın 29-30-da Estoniya Respublikasının paytaxtı Tallinn şəhərində Estoniyanın Elektron İdarəçilik Akademiyasının təşkilatçılığı ilə beynəlxalq “Tallinn E-hökumət 2018” adlı konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, “Rəqəmsal vətəndaşlar üçün idarəetmə”yə həsr olunan konfransda müxtəlif ölkələrin elektron hökumət sahəsindəki strategiyaları, qabaqcıl təcrübələri, yeniliklər və qarşılaşa biləcəkləri problemlər və onların mümkün həlli yolları barədə müzakirələr aparılıb.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs ilə Estoniyanın Elektron İdarəçilik Akademiyası arasında elektron hökumətin inkişafı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi tərəflər arasında elektron hökumətin inkişafı və dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində əməkdaşlığın gücləndirilməsidir.
Eyni zamanda, konfrans çərçivəsində “Azərbaycan və Estoniya təcrübələri: e-xidmətlər və e-şəxsiyyət” mövzusunda təşkil olunmuş sessiyada “ASAN - yeni nəsil dövlət xidmətləri: reaktiv xidmətlərdən proaktiv xidmətlərə, “one-stop shop”dan – “non-stop shop”a” adlı təqdimat edilib. Təqdimat zamanı “ASAN xidmət” təcrübəsindən və elektron hökumət sistemindən geniş bəhs edilib, Dövlət Agentliyi tərəfindən elektron hökumət, e-xidmətlər sahəsində həyata keçirilən layihələr və görülmüş işlərlə bağlı ətraflı məlumat verilib.