QAN YADDAŞI
“ASAN Könüllüləri” “30 illik Qanlı Yanvar” kompozisiyasını təqdim ediblər
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Beynəlxalq Muğam Mərkəzində “ASAN Könüllüləri” təşkilatı tərəfindən “Mədəniyyət carçısı” proqramı çərçivəsində ərsəyə gətirilən “30 illik Qanlı Yanvar” kompozisiyası təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl “ASAN Könüllüləri” Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, onların məzarları üzərinə gül dəstələri düzüblər.
Sonra “ASAN Könüllüləri” “30 illik Qanlı Yanvar” kompozisiyasını təqdim ediblər.
Kompozisiyanın təqdimatından sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov 20 Yanvar faciəsini müasir Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi adlandırıb: “Həmin qanlı gecədə xalqımızın qəhrəman övladları sübut etdilər ki, müharibələrdə qələbə qazanmaq üçün birlik, mübarizlik, fədakarlıq daha önəmlidir. Qanlı Yanvar faciəsində neçə-neçə Vətən fədailəri şəhid olsalar da, xalqımızın azadlıq hərəkatı, müstəqillik arzusu sarsılmadı. 20 Yanvar faciəsi sovet imperiyasının fundamentini sarsıtdı və xalqımızın azadlığa qovuşmasına vəsilə oldu. Ona görə də, otuz il keçməsinə baxmayaraq, həmin günü həm dərin hüznlə, həm də böyük qürur hissi ilə xatırlayırıq”.
C.Salmanovun sözlərinə görə, dünyada 2 mindən çox xalq var ki, onların müstəqilliyi yoxdur: “Çox sevindirici haldır ki, biz dünyanın sayılıb-seçilən, suveren dövlətlərindən birində yaşayırıq. Buna görə də, yetmiş ildən sonra müstəqilliyimizi yenidən əldə etməyimizə vəsilə olan şəhidlərimizi heç zaman unutmayacağıq. Həmin şanlı tariximizi yaşadacaq və gələcək nəsillərə ötürəcəyik”.
“ASAN Könüllüləri” təşkilatının sədri Səbinə Cabarova və təşkilatın “Mədəniyyət carçısı” proqramının rəhbəri Vəfa Mustafayeva təşkilat tərəfindən mütəmadi olaraq müxtəlif mövzularda tədbirlərin keçirildiyini bildiriblər. Onlar keçirilən tədbirlər arasında vətənpərvərlik mövzularına çox böyük həssaslıqla yanaşıldığını və əsas məqsədin könüllülərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi olduğunu diqqətə çatdırıblar.