CƏMİYYƏT
“ASAN Könüllüləri” “O yurda bayrağı mən taxacağam” adlı ədəbi-bədii kompozisiya təqdim ediblər
Bakı, 11 noyabr, AZƏRTAC
Bərdə regional “ASAN xidmət” mərkəzinin könüllüləri tərəfindən Nadir Qədimlinin “O yurda bayrağı mən taxacağam” adlı şeirinin motivləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Bərdə regional “ASAN xidmət” mərkəzinin könüllü qruplarının “Qarabağ: Azərbaycanın ayrılmaz parçası” mövzusu çərçivəsində hazırlanan kompozisiya İmişli regional “ASAN xidmət” mərkəzinin teatr səhnəsində nümayiş edilib.
Tamaşa ilk dəfə oktyabrın 27-də Ağdam Dövlət Dram Teatrında 300 nəfər tamaşaçının qarşısında səhnələşdirilib.
“ASAN Könüllüləri”nin hazırladığı vətənpərvərlik ruhunda olan tamaşa Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevə və Xocalıda qəhrəmanlıq göstərmiş yerli əhaliyə ithaf olunub.