CƏMİYYƏT
“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola Azərbaycan” koronavirusla mübarizəyə dəstək göstərib
Bakı, 9 aprel, AZƏRTAC
Müxtəlif sosial və ekoloji layihələr çərçivəsində əməkdaşlıq edən “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola Azərbaycan” ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan mübarizəyə dəstək nümayiş etdirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “ASAN könüllüləri” və “Coca-Cola Azərbaycan” əməkdaşlarının birgə təşəbbüsü ilə xəstəxanalara ödənişsiz içməli sular çatdırılıb. Xəstəxanalarda çalışan tibbi personal və karantin rejimində olanların su tələbatını ödəmək üçün 120 min vahid “Bonaqua” suları könüllülərin iştirakı ilə ünvanlara göndərilib.
Qarşıdakı bir neçə gün ərzində həm Bakı şəhəri, həm də bölgələrdə karantin rejimində fəaliyyət göstərən xəstəxanalara içməli suların çatdırılması təmin ediləcək.