CƏMİYYƏT
“ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə “Gənc beyin” layihəsi həyata keçirilib
Bakı, 8 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, “ASAN Könüllüləri”nin təşkilati dəstəyi ilə “Gənc beyin” layihəsi həyata keçirilib.
“ASAN Könüllüləri” Təşkilatından AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi, “ASAN könüllüsü” Elxan Şükürovun rəhbəri olduğu layihənin məqsədi gənclərdə özünəinam hissinin, liderlik xüsusiyyətlərinin formalaşdırılması, nitq mədəniyyətinin inkişafına və sağlam düşüncəli gənc nəslin yetişdirilməsinə töhfə verməkdir.
Layihə çərçivəsində gənclərin psixi sağlamlığının qorunması və sağlam düşüncəli gənc nəslin yetişdirilməsinə yönəlmiş təlimlər də təşkil olunacaq.
İştirakçılarla ilk təlim Qubada, daha sonra Bakıda keçirilib. Təlimlər əsasən, “Bədən dili və ondan istifadə”, “Ünsiyyətdə empatiya hissi”, “Manipulyasiya və ondan müdafiə”, “Stress və gərginliyin aradan qaldırılması üçün gündəlik metodlar”, “İctimai aqressiya” mövzularına həsr edilib.