CƏMİYYƏT


“ASAN Könüllüləri” tərəfindən Peşəkar İnkişaf Kursları təşkil olunacaq

Bakı, 23 iyun, AZƏRTAC

Yaşlı mütəxəssislərin bilik və bacarıqlarının gənc nəslə ötürülməsi və fəal yaşlanmanın təbliğ edilməsi məqsədilə “ASAN Könüllüləri” Təşkilatı tərəfindən Peşəkar İnkişaf Kursları təşkil olunacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində təşkil edilən kurslar pensiya yaşına çatmış peşəkarlar tərəfindən tədris ediləcək.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan layihə yaşlıların rifah halının yaxşılaşdırılmasına töhfə verməklə hökumətin “fəal yaşlanma” prosesinin təşviqi istiqamətində göstərdiyi səylərə dəstək vermək məqsədini daşıyır. “Fəal yaşlanaq, həyatımıza rəng qataq” şüarı ilə icra olunan layihə çərçivəsində ASAN könüllüləri tərəfindən yaşlıların daha aktiv və faydalı zaman keçirməsinə şərait yaradılır.

Yaşlı mütəxəssislərin zəngin təcrübəsini özündə birləşdirən bu kurslar əyani, virtual, hibrid formada və rəqəmsal innovativ platformalar vasitəsilə tədris ediləcək. “İlkin tibbi yardım”, “Maliyyə və mühasibatlıq”, “Hüquqşünaslıq”, “Psixologiya”, “Kiçik və orta biznesin idarəçiliyi”, “Mədəniyyət və incəsənət” mövzularında 6 istiqamət üzrə təşkil olunacaq kursları 70 peşəkar və pensiya yaşına çatmış mütəxəssis tədris edəcək.

Kursa müraciət üçün [email protected] elektron poçt ünvanına ad, soyad, ata adı, təvəllüd, kursun mövzusu və əlaqə nömrəsi 1 iyul tarixinədək göndərilməlidir. Fəal yaşlanmanın önəmini nəzərə alaraq bu kurslarda yaşlı vətəndaşların da iştirak etməsi təşviq edilir. Hibrid (əyani) keçirilən kursda COVID-19 pasportu və ya immunitet sertifikatı olan iştirakçılara üstünlük veriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.