CƏMİYYƏT


“ASAN Login” də istifadəçi sayı 2,5 milyonu ötüb

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən ərsəyə gətirilən “ASAN Login” Vahid Giriş Sistemində qeydiyyatdan keçənlərin sayı 2,5 milyonu ötüb. Bu isə o deməkdir ki, artıq 2,5 milyon vətəndaş dövlət xidmətlərindən elektron qaydada istifadə edərək vaxt və resurslarına qənaət etməyi üstün tutur.

Bu barədə AZƏRTAC-a agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Hələ də “ASAN Login”də qeydiyyatı olmayanlar üçün onun faydaları aşağıdakılardır:

- Bütün dövlət portallarının göstərdiyi xidmətlərdən vahid nöqtədən çıxış;

- Vahid istifadəçi adı və şifrə ilə bütün dövlət qurumlarının elektron xidmətlərindən yararlanmaq imkanı;

- Xidmətlərə müraciət zamanı istifadəçi təhlükəsizliyi.

Hazırda “ASAN Login”ə “ASAN ödəniş”, “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalı, e-sosial, Dövlət Gömrük Komitəsi, e-məhkəmə, “AzərSu” ASC, “Azərişıq” ASC, “Rəqəmsal icra hakimiyyəti” portalı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və digərləri olmaqla 45 qurum və 90-a yaxın sistem inteqrasiya edilib.

Qeydiyyatdan keçmək üçün vətəndaşlar https://asanlogin.my.gov.az/ veb-səhifəsinə müraciət edə və vətəndaşlar üçün yaradılan dörd müxtəlif qeydiyyat imkanından istifadə edərək qeydiyyat prosesini tamamlaya bilərlər:

• İdentifikasiya nömrəsi ilə;

• “SİMA İmza” ilə

• “ASAN İmza” ilə;

• Elektron imza ilə;

EHİM tərəfindən “ASAN Login”də tətbiq edilən yenilik və innovasiyaların yekun hədəfi vətəndaşların elektron xidmətlərə çıxışını daha da asanlaşdırmaq, müxtəlif portallarda fərqli şifrə və istifadəçi adlarının unudulması ilə bağlı yaranan vətəndaş problemlərinin həlli və ümumilikdə elektron hökumətə keçidi daha da sürətləndirməkdir. “ASAN Login” vətəndaşların elektron xidmətlərdən istifadəsi üçün yaradılmış sadə, rahat, güvənli Vahid Giriş Sistemidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.