ELM VƏ TƏHSİL
“ASAN peşə” layihəsi üzrə boş qalan yerlərə sənəd qəbulunun nəticələri açıqlanıb
Bakı, 11 sentyabr, AZƏRTAC
Yeni tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrində boş qalan yerlərə sənəd qəbulu başa çatıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 4-dən 10-dək keçirilən sənəd qəbulu zamanı 5134 nəfər qeydiyyatdan keçib. 3913 nəfər müsabiqədən keçərək peşə təhsili müəssisələrinə qəbul olunub.
İxtisas seçimindən uğurla keçən şəxslər aşağıdakı sənədləri sentyabrın 11-12-də qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər:
- Təhsil haqqında sənədin əsli;
- Tibbi arayış;
- Şəxsiyyət vəsiqəsi (surəti);
- 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil;
- Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər);
- Güzəştli şərtlərlə qəbul olunan şəxslər üçün müvafiq təsdiqedici sənəd.
Qeyd edək ki, dövlət peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir.