ELM VƏ TƏHSİL
“ASAN peşə” layihəsi üzrə qeydiyyat davam edir VİDEO
Bakı, 16 avqust, AZƏRTAC
2016-2017-ci tədris ili üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu “ASAN peşə” layihəsi çərçivəsində həyata keçirilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu qurum ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış “ASAN peşə” layihəsi, ilk növbədə, pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılacaq.
İlk peşə-ixtisas təhsili almaq istəyənlərin qeydiyyatı avqustun 11-dən etibarən Bakı və Gəncədə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində aparılır. Hazırda 1070 nəfər qeydiyyatdan keçib. Qeydiyyat avqustun 26-da başa çatacaq.
“ASAN peşə” layihəsi vətəndaşların rahatlığının təmin olunması, Təhsil Nazirliyi–“ASAN xidmət” əməkdaşlığının səmərəliliyinin artırılması və ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində subyektiv amillərin aradan qaldırılması məqsədlərinə xidmət edir.
2016-2017-ci tədris ilində Bakıdakı 26 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə 3 min 580, Gəncədəki 6 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə isə 600 şagird yeri ayrılıb.