CƏMİYYƏT


“ASAN xidmət” ilə Vəkillər Kollegiyası arasında anlaşma memorandumu imzalanıb VİDEO

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında əldə olunmuş razılığa əsasən, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində, habelə səyyar formada hüquqi yardım göstərilməsi ilə bağlı Agentliyin inzibati binasında anlaşma memorandumunun imzalanması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, sənədi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov imzalayıblar.

Memoranduma əsasən, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində və səyyar hüquqi yardım xidmətləri sosial innovasiyaların tətbiqi ilə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri rəhbər tutmaqla göstəriləcək.

Bu istiqamətdə ödənişsiz şifahi hüquqi məsləhətlərin verilməsi, iddia ərizələri və məhkəmə çəkişmələri ilə bağlı digər sənədlərin, dövlət və qeyri-dövlət orqanlarına yazılı müraciətlərin hazırlanması, habelə məhkəmə instansiyalarında təmsilçilik xidmətlərinin göstərilməsi təmin ediləcək.

Həmçinin razılaşmaya əsasən, Dövlət Agentliyinin əməkdaşları və ASAN könüllüləri üçün hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulur.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib ki, “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanına əsasən yaradılıb. Həmin Fərmanda “ASAN xidmət” mərkəzlərinin göstərilən xidmətlərin konkret siyahısı və növləri verilir. Xidmətlərdən biri də hüquqi yardım xidmətinin təşkili ilə bağlıdır. Ötən illər ərzində bütün “ASAN xidmət” mərkəzlərində vətəndaşlar üçün hüquqi yardım xidmətinin təşkili üçün müvafiq şərait yaradılıb. “Bu gün isə artıq “ASAN xidmət”ə müraciət edən hər bir vətəndaşa hüquqi yardım xidmətinin göstərilməsi üçün Vəkillər Kollegiyası ilə əməkdaşlıq memorandumu imzalandı. Memorandumun əsas məqsədi Fərmanda tapşırılmış hüquqi yardım xidmətlərinin “ASAN xidmət”də təşkilini təmin etməkdir”, - deyə Ü.Mehdiyev bildirib.

Ülvi Mehdiyev diqqətə çatdırıb ki, hüquqi yardımın vətəndaşlara əlçatan olması üçün “ASAN xidmət” mərkəzi platforma rolunu oynayacaq. Burada vətəndaşlar xidmətlərdən yararlanmaqla yanaşı, həm də zərurət yarandıqda “ASAN xidmət”lərdə yerləşən vəkillik büroları vasitəsilə müxtəlif hüquqi yardımlar ala biləcəklər. Burada sosial həssas qruplar üçün müəyyən hüquqi yardım xidmətləri, şifahi hüquqi məsləhətlərin verilməsi və digər xidmətlər ödənişsiz təşkil olunacaq. Hazırda 13 “ASAN xidmət” mərkəzi mövcuddur. Qarşıdakı illərdə bu say 20-yə qədər artacaq və hər mərkəzdə xüsusi vəkillik büroları fəaliyyət göstərəcək.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, son dövrdə Azərbaycanda vəkillik sahəsində ciddi islahatlar aparılır. Ölkədə vəkillərin sayı son aylar ərzində xeyli artıb. Bakıda və regionlarda 1500-dən çox vəkil fəaliyyət göstərir. Vəkillər Kollegiyası işini yeni dövrün tələblərinə uyğun şəkildə təmin edir. Bu gün vəkilliyin tarixində də əlamətdar gündür. Çünki bu memorandumun imzalanması ilə artıq vəkillik xidmətləri də asanlaşır. “Biz öz növbəmizdə ən qısa zamanda bütün “ASAN xidmət” mərkəzlərində müvafiq “ASAN vəkil” bürolarının yaradılmasını təmin edəcəyik. Məqsədimiz - insanların keyfiyyətli, peşəkar hüquqi yardım almaq imkanını təmin etməkdir”, - deyə A.Bağırov diqqətə çatdırıb.

Anar Bağırov qeyd edib ki, dövlətimiz vəkilliyin inkişafına böyük diqqət ayırır. Belə ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər” haqqında Sərəncamında Vəkillər Kollegiyasına tövsiyə edilir ki, regionlarda vəkillik fəaliyyəti stimullaşdırılsın, vəkillərin sayı artırılsın, imkansız, aztəminatlı şəxslərə keyfiyyətli hüquqi yardımın göstərilməsi təmin edilsin. “Hesab edirəm ki, bugünkü memorandumun imzalanması o tövsiyənin yerinə yetirilməsi üçün atılan ən vacib, həlledici addımlardan biridir. Əldə olunmuş razılığa əsasən hüquqi məsləhətlər pulsuz göstəriləcək. Səyyar “ASAN vəkil” xidmətlərinin göstərilməsi də qarşımızda duran hədəflərimizdən biridir”,- deyə Vəkillər Kollegiyasının sədri vurğulayıb.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.