CƏMİYYƏT


“ASAN xidmət indeksi” üzrə 2017-2018-ci il qiymətləndirmə nəticələrinə dair hesabat təqdim edilib

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “ASAN xidmət indeksi” üzrə 2017-2018-ci il qiymətləndirmə nəticələrinə dair hesabat tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə intellektual məhsuldur. ADA Universiteti layihənin sırf elmi-metodoloji hissəsini işləyib. Azərbaycanda yeni qiymətləndirmə sisteminin tətbiq olunması dövlət qurumları ilə ADA Universitetini yaxınlaşdırır. O, dövlət xidmətlərinin qiymətləndirilməsi üzrə əməkdaşlığın bundan sonra da davam edəcəyini vurğulayıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli qiymətləndirilmənin keçirilməsində əsas məqsədin dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarçılığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılması olduğunu deyib.

Daha sonra hesabatı təqdim edən Dövlət Agentliyinin hüquqi təminat şöbəsinin müdiri Rəvan Səmədov bildirib ki, pilot layihə çərçivəsində 30 mərkəzi icra hakimiyyəti orqanının 353 xidməti, Bakı şəhərində fəaliyyət göstərən 13 yerli icra hakimiyyəti orqanının 234 xidməti və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 47 xidməti daxil olmaqla, ümumilikdə, 634 xidmət qiymətləndirilib.

R.Səmədov əlavə edib ki, mərkəzi icra hakimiyyəti orqanları sırasında ən yüksək nəticəni Dövlət Miqrasiya Xidməti (68,98 faiz), ən aşağı nəticəni isə Diasporla İş üzrə Dövlət Komitəsi (0,25 faiz) göstərib: "Yerli icra hakimiyyəti orqanları arasında ən yüksək nəticə Binəqədi Rayon İcra Hakimiyyətinə, ən aşağı nəticə isə Səbail Rayon İcra Hakimiyyətinə məxsusdur. Hüquqi şəxslər sırasında isə ən yüksək nəticə "Azəristiliktəchizat" ASC-yə (20,31 faiz) aiddir". O, həmçinin əlavə edib ki, ötən il olduğu kimi, bu il də bütün parametrlər üzrə ən yaxşı nəticəni göstərən xidmət müəyyən edilməyib. Dövlət Xidmətlərinin Elektron Reyestrinin tərkibində yaradılmış “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə alt sistemi üzərindən elektron formada həyata keçirilib, sistemin hesabatlılıq modulu vasitəsilə dövlət qurumları üçün arayışlar formalaşdırılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.