CƏMİYYƏT
“ASAN xidmət” işçilərinin peşə bayramı qeyd olunub
Bakı, 28 dekabr, AZƏRTAC
Dekabrın 29-da “ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Ulu Öndərin xatirəsi yad edilib, məzarı önünə əklil qoyulub.
AZƏRTAC xəbər verir ki, sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Peşə bayramı ilə əlaqədar keçirilən tədbirdə çıxış edən agentliyin sədri Ülvi Mehdiyev əməkdaşları təbrik edib.
Sonda xidməti fəaliyyətində fərqlənən əməkdaşlara təşəkkürnamələr təqdim olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə dekabrın 29-u Azərbaycan Respublikasında “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilir.