CƏMİYYƏT


“ASAN xidmət” mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılıb VİDEO

Bakı, 1 sentyabr, AZƏRTAC

Sentyabrın 1-dən Daxili İşlər Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılır. Hazırda sənədlərin qəbulu Bakı şəhərinin bütün “ASAN xidmət” mərkəzlərində və Sumqayıt regional “ASAN xidmət” mərkəzində həyata keçirilir.

Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

E.Niftəliyev bildirib ki, növbəti günlərdə regional “ASAN xidmət” mərkəzlərində də yeni nümunəli şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün sənəd qəbuluna başlanılacaq. Hazırda vətəndaşlar etibarlılıq müddəti bitməmiş və qüvvədən düşməmiş şəxsiyyət vəsiqələrindən istifadə etməyə davam edə bilərlər və bu vəsiqələrin dəyişdirilməsi zəruri deyil.

Qeyd edilib ki, 15 yaşı tamam olmuş vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün müəyyən olunmuş dövlət rüsumunun məbləğində hər hansı dəyişiklik yoxdur. Belə ki, 10 gün müddətində 5 manat, 3 iş günü müddətində 25 manat, 1 iş günü müddətində isə 35 manat təşkil edir. 15 yaşı tamam olmamış vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rüsumlar tətbiq olunub. Belə ki, 10 gün müddətində 4 manat, 3 iş günü müddətində 20 manat, 1 iş günü müddətində isə 25 manat dövlət rüsumu müəyyən edilib.

E.Niftəliyev diqqətə çatdırıb ki, şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitdikdə, sənəd itirildikdə, vəsiqə korlandıqda, ad, soyad, ata adı dəyişdirildikdə yeni şəxsiyyət vəsiqələrinin alınması zəruridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.