İQTİSADİYYAT


“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində “Azərsu” ASC-yə 83 mindən çox müraciət edilib

Bakı, 7 yanvar, AZƏRTAC

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 83 min 250 müraciət edilib.

“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ASC-nin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərini asanlaşdırır və bu sahədə şəffaflığın artırılmasını təmin edir. 2018-ci ildə bu mərkəzlərə “Azərsu” ASC-nin təqdim etdiyi xidmətlərlə bağlı çoxsaylı müraciətlər daxil olub.

Hesabat ilində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 83 min 250 müraciət edilib. Müqayisə üçün qeyd edək ki, bu, 2017-ci ilin müvafiq göstəricisindən 51 faiz çoxdur. 2018-ci ildə daxil olmuş müraciətlərin 35 min 466-sı “ASAN xidmət”, 44 min 784-ü isə “ASAN Kommunal” mərkəzlərində qeydə alınıb. Ötən il vətəndaşlar xidmət bölmələrinə daha çox texniki şərtin verilməsi, itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi məsələləri ilə bağlı müraciətlər ediblər.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. 2017-ci ildən “Azərsu” ASC “ASAN Kommunal” mərkəzlərində də təmsil olunur. Ümumilikdə 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 192 mindən çox müraciət daxil olub.

Hazırda “Azərsu” ASC-nin xidmətləri Bakı şəhəri Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Mingəçevir, Şəki, İmişli və Quba şəhərlərindəki “ASAN xidmət”, həmçinin 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.