CƏMİYYƏT
“ASAN xidmət” və Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki vətəndaşlarımız üçün səyyar xidmətlər göstərəcək
Bakı, 15 fevral, Nəriman Həsənov, AZƏRTAC
Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Dövlət Komitəsinin sədri Fuad Muradov imzalayıblar.
Memorandum çərçivəsində “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin Azərbaycan Respublikasının hüdudlarından kənarda səyyar formada, habelə xaricdə yaşayan azərbaycanlılara müvafiq dövlət xidmətlərinin “Elektron hökumət” portalı vasitəsilə elektron qaydada göstərilməsi istiqamətində birgə tədbirlərin təşkili nəzərdə tutulur. Həmçinin əməkdaşlıq istiqamətlərinə xaricdə yaşayan azərbaycanlıların hüquq və qanuni mənafelərinin daha etibarlı müdafiəsi, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına yönəlmiş hüquqi maarifləndirmə və təbliğat işlərinin aparılması məqsədilə ASAN Radionun və Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyətinin əlaqələndirilməsi daxildir.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, “ASAN xidmət”lə Diasporla İş üzrə Dövlət Komitəsi birgə xaricdə yaşayan Azərbaycan vətəndaşları üçün səyyar xidmətlər göstərəcək. Qeyd olunub ki, memorandumun imzalanmasının məqsədi xaricdə yaşayan azərbaycanlıların işini asanlaşdırmaqdan ibarətdir. Bununla yanaşı, soydaşlarımız elektron xidmətlərdən də faydalana biləcəklər.
Ü.Mehdiyev “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin alternativliyinin ləğv edilməsi ilə bağlı yaradılan işçi qrupu barəsində də məlumat verib. Sədr diqqətə çatdırıb ki, agentlik bu istiqamətdə 12 dövlət orqanı ilə qarşılıqlı şəkildə fəaliyyətdədir.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov isə deyib ki, xaricdə yaşayan azərbaycanlıların işlərinin asanlaşdırılması üçün komitə, “ASAN xidmət” və Xarici İşlər Nazirliyi birgə işçi qrupu yaradacaq. Xaricdə yaşayan azərbaycanlıların elektron bazasının yaradılması işi yekunlaşdırılıb. On ay ərzində Almaniya, Fransa, İtaliya, İsveçrə, və Ukrayna kimi ölkələrdə yaşayan azərbaycanlıların sənədləşmə işlərində qarşılaşdıqları problemlər müəyyənləşdirilib. Eyni zamanda, Türkiyədə müvafiq sənədləri olmayan soyadaşlarımızın sayının dəqiqləşdirilməsi, şəxsiyyəti təsdiq edən sənədlərinin olub-olmaması kimi məsələlərlə bağlı müəyyən edilən proseslərə bu günlərdə başlanılacaq.