CƏMİYYƏT
“ASAN xidmət”in 108 “Çağrı” Mərkəzi sərtləşdirilmiş karantin rejimində vətəndaşlara xüsusi xidmətlər göstərib
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, iyunun 14-ü saat 00:00-dan iyunun 16-da saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, məhdudiyyətlərin tətbiq edildiyi müddətdə siyahısı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs tərəfindən təqdim olunmuş 200-dən çox dializ xəstəsinin “ASAN xidmət”in 108 “Çağrı” Mərkəzi vasitəsilə müvafiq tibb müəssisələrinə çatdırılması təmin edilib. ASAN könüllülərinin iştirakı ilə həmin şəxslər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin xüsusi avtomobilləri vasitəsilə aidiyyəti tibb müəssisələrinə aparılıb və geri qaytarılıblar.
Bundan əlavə, təcili yardımın, kommunal xidmətlərin (işıq, su, qaz, lift xidmətləri) qaynar xətlərinə müraciət etməkdə və digər zəruri təxirəsalınmaz hallarla bağlı çətinlik çəkən 1650-yə yaxın vətəndaş 108 “Çağrı” Mərkəzinə zəng vurmaqla zəruri xidmət sahələri ilə əlaqələndirilib.