CƏMİYYƏT


“ASAN xidmət”in əməkdaşları KOICA təlim proqramında iştirak edəcəklər

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 25-dən noyabrın 10-dək Koreyada “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) əməkdaşları üçün ictimai xidmət sahəsi üzrə potensialının artırılması” mövzusunda keçiriləcək ölkə üzrə spesifik Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) təlim proqramında Azərbaycanı “ASAN xidmət”in 18 əməkdaşı təmsil edəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə KOICA Azərbaycan Nümayəndəliyində tədbirə yollanacaq nümayəndə heyəti üçün təqdimat görüşü keçirilib.

Tədbirdə iştirakçıları salamlayan KOICA Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru xanım Park Kumok onları təbrik edib. O, bu təlim proqramının Koreyanın E-Gov sahəsindəki inkişaf nailiyyətlərini öyrənmək üçün əla fürsət olduğunu qeyd edib.

Görüşdə təlim iştirakçılarına səyahət sığortası, KOICA-nın qaydaları, Koreyanın mədəni aspektləri, mədəni və öyrədici ekskursiyalar, Ölkə üzrə Təqdimat və Fəaliyyət Planının hazırlanmasında istiqamətlər, KOICA Məzunlar Assosiasiyası və s. dair məlumatlar verilib.

Proqramın keçirilməsində əsas məqsəd ictimai xidmət keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmiş hökumətin inzibati islahatlarını özündə əks etdirən mühazirələr və real örnəklər vasitəsilə Koreya hökumətinin dövləti idarəetmə sisteminə dair məlumatın bölüşülməsidir. Koreya Universiteti tərəfindən həyata keçiriləcək təlim müddətində Anti-Korrupsiya və Vətəndaş Hüquqları Komissiyası (ACRC), İctimai Satınalmalar Xidməti (PPS), Seul Nəqliyyat Əməliyyat və İnformasiya Xidməti (TOPIS), Milli İnformasiya Resursları Xidməti (NIRS), Koreya İnternet və Təhlükəsizlik Təşkilatı (KISA) kimi bir sıra dövlət qurumlarına səfərlər nəzərdə tutulur.

Qeyd edək ki, ölkə üzrə proqramlar hər bir resipiyent qurum üçün ayrıca hazırlanır, həmin qurumun reallıqlarını və tələblərini özündə əks etdirir. “ASAN xidmət” 2017-2019-cu illəri əhatə edən, 3 illik ölkə üzrə KOICA təlim proqramından ilk yararlanan qurumdur. 2017-ci ildə də proqramda “ASAN Xidmət”in 18 əməkdaşı iştirak edib. Bu təlim proqramının ikinci ilidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.