REGİONLAR
“ASAN xidmət”in səyyar avtobusunun növbəti dayanacağı Hacıqabul rayonu olub
Hacıqabul, 14 mart, Mahir Babayev, AZƏRTAC
“ASAN xidmət” mərkəzinin lazımi avadanlıqla təchiz edilmiş səyyar avtobusunun növbəti dayanacağı Hacıqabul rayonu olub. Hacıqabul və ətraf rayonların sakinləri martın 5-dən “ASAN xidmət” tərəfindən təqdim olunan 10-na yaxın xidmətdən istifadə edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, doqquz gün ərzində 650 nəfərdən çox bölgə sakini göstərilən xidmətlərdən yararlanıb. Sakinlər “ASAN xidmət”ə daha çox notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaşlıq pasportlarının alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı müraciət ediblər.
Hacıqabul Səyyar “ASAN xidmət”in əməkdaşı İsmayil İsmayılov bildirib ki, Hacıqabul və ətraf şəhər-rayonların sakinləri martın 19-dək səyyar xidmətdən yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, habelə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi və “Azəriqaz” tərəfindən göstərilən xidmətlər daxildir. Sakinlərə, həmçinin tərcümə və qan analizi kimi xidmətlər də göstərilir.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsində əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.