İQTİSADİYYAT
“ASAN xidmət”in tabeliyində “ABAD” publik hüquqi şəxs yaradılıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində “ABAD” publik hüquqi şəxs yaradılıb.
AZƏRTAC xəbər ki, Prezident İlham Əliyev sentyabrın 23-də bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələr həyata keçirən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri yaradılacaq.
“ABAD” mərkəzləri vasitəsilə ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, bu layihələrin maliyyələşdirilməsi məqsədilə fondun, “ABAD” layihələri üçün ailə təsərrüfatlarının, kiçik və orta sahibkarların müəyyənləşdirilməsi, təsərrüfat məhsullarının istehsalı üçün müasir texnoloji istehsal avadanlıqlarından istifadə edilməsinə şərait yaradılması həyata keçiriləcək. Həmçinin “ABAD” mərkəzləri ilə ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara biznes planların hazırlanması, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətlərinin göstərilməsi, istehsal olunan məhsulun sertifikatlaşdırılmasının sadələşdirilmiş qaydada “bir pəncərə” prinsipi əsasında təşkili, istehsal olunan məhsulun daşınmasının və satışının təşkili, istehsal avadanlıqlarından istifadə ilə bağlı təlimlərin keçirilməsi, həmin avadanlıqlara texniki dəstəyin təmin edilməsi, beynəlxalq təcrübə, kənd təsərrüfatı sahəsində istifadə olunan ən qabaqcıl texnoloji yeniliklərlə bağlı məlumatlandırma, layihə çərçivəsində nəzarət və qiymətləndirmə aparılması, istehsalyönümlü sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı digər tədbirlərin təşkilini aparılacaq.
Pilot layihə çərçivəsində “ABAD” mərkəzlərinin fəaliyyətə başlaması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə bir milyon manat ayrılıb.
Fərmanda İqtisadiyyat Nazirliyinin “ABAD” mərkəzlərinin fəaliyyəti üçün ailə təsərrüfatlarının və təsərrüfat məhsullarının müəyyənləşdirilməsi məqsədilə regionlar üzrə iqtisadi təhlil və proqnozlar əsasında təkliflərini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin isə əməkqabiliyyətli aztəminatlı ailələrin “ABAD” mərkəzlərinin göstərdiyi xidmətlərdən istifadəsini təmin etmək məqsədilə təkliflərini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etmələri öz əksini tapıb.