CƏMİYYƏT
“ASAP Career Academy” layihəsinin təqdimatı keçirilib
Bakı, 18 may, AZƏRTAC
Azərbaycanlı Tələbə və Məzunlar İctimai Birliyi (ASAP) Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “ASAP Career Academy”nın təqdimatını keçirib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi xaricdə yaşayan, yüksək akademik təhsilə və peşəkar təcrübəyə malik gənclərin ölkəmizdəki əmək bazarına cəlb olunmasını təmin etməkdir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru Vazeh Əsgərov, Təhsil Nazirliyinin xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov, “Nargis Magazine” jurnalının direktoru Aytən Hüseynova və digərləri tədbirdə çıxış edərək xaricdə təhsil proqramları, ölkədə ixtisaslaşan kadrların önəmi, xaricdə gənclər üçün yaradılan təşəbbüslərdən və ölkədəki təhsil müəssisələri və böyük şirkətlərdəki karyera imkanlarından danışıblar.
Tədbirə onlayn qoşulan Sapienza Universitetinin doktorantı Orxan Kərimli “beyin axını” prosesi haqqında fikirlərini bölüşüb.
Sonda Azərbaycanlı Tələbə və Məzunlar İctimai Birliyinin üzvləri, müxtəlif şirkət və qurumların nümayəndələrinin və layihə üçün seçilən 50-dən çox gəncin iştirakı ilə ADA Universitetində onlayn hibrid təlim keçirilib.