İQTİSADİYYAT
ƏSAS İŞLƏR HEYDƏR ƏLİYEV ADINA BAKI DƏRİN ÖZÜLLƏR ZAVODUNDA GÖRÜLÜR
Hazırda “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin tikinti işlərinin xeyli hissəsi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) görülür. Gələn ilin yayında dənizdə quraşdırılacaq “Şərqi Azəri” platformasının üst modullarının tikintisi burada bp-nin podratçısı “MakDermott” şirkəti tərəfindən davam etdirilir. Üst modulların tikintisinin 66 faizi tamamlanmışdır.
BDÖZ-ün BOS-Şelf sahəsində isə həmin platformanın dayaq bloku inşa edilməkdədir. Burada işlərin 93 faizdən çoxu görülüb.
Zavodda dərinsulu “Günəşli” layihəsinin işləri də sürətlənir.
AÇG çərçivəsində tikinti təkcə quruda deyil, suyun altında da aparılır. Sualtı kəmərlərin çəkilişindən başqa, platformaları və boruları birləşdirən obyektlər inşa edilir. Sualtı birləşmələr üçün avadanlığın bir çoxu elə BDÖZ-ün özündə hazırlanır.