REGİONLAR


“ƏSA” Teatrının kollektivi Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Adamlar və siçanlar” tamaşasını təqdim edib

Naxçıvan, 30 noyabr, AZƏRTAC

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin dəstəyi ilə ölkəmizin ilk inklüziv teatrı olan “ƏSA” Teatrının kollektivi amerikalı yazıçı, ədəbiyyat üzrə Nobel mükafatçısı Con Steynbek eyniadlı əsərinin motivləri əsasında hazırladığı “Adamlar və siçanlar” tamaşasını nümayiş etdirib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə “ƏSA” Teatrının rəhbəri Nihad Qulamzadə teatrın fəaliyyətindən bəhs edib, yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək muxtar respublikada sağlamlıq imkanları məhdud insanlar üçün görülən tədbirlərdən danışıb, teatrsevərləri əlamətdar hadisə münasibətilə təbrik edib.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Qil çıxışında Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edib, tamaşaya qoyulan əsərin əhəmiyyətindən söhbət açıb.

Sonra tamaşa teatrsevərlərə təqdim olunub. Quruluşçu rejissoru Nihad Qulamzadə olan tamaşada baş rolları Elşən Əsgərov (Lenni) və Elvin Mirzəyev (Corc) ifa ediblər. Rolları Niyaz Qasımov (Kandi), Səmayə Ağayarova (Qız), İmran Lalayev (Slim), Günay Məmmədova (Klara xala), Fərid Əliyev (Karlson), Coşqun Məmmədov (Sahib), Asim Səfərov (Sahibin köməkçisi) canlandırıblar. Dramatik janrda olan tamaşada 10 aktyor rol alıb. Onlardan 7-si məhdud fiziki imkanlı şəxslərdir.

Tamaşa, əsasən, insanlar arasında olan dostluq münasibətlərindən bəhs edir. Belə ki, Lenni və Corc adlı iki dostdan biri xəstə, yekəpər və güclü, digəri isə ağıllı və gücsüzdür. Onlar arzu və xəyallarını həyata keçirmək üçün birgə mübarizə aparırlar. Tamaşada “insan sevdiyi dostuna görə nələrdən imtina edə bilər” sualına cavab tapılır.

3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslər üçün göstərilən sayca 4-cü tamaşa teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.