CƏMİYYƏT


ASCO “Caspian Ecology 2019”da ətraf mühitin mühafizəsi üzrə gördüyü işləri nümayiş etdirir

Bakı, 13 noyabr, AZƏRTAC

Bakı Sərgi Mərkəzində açılan X Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2019” sərgisində bir çox yerli və beynəlxalq təşkilatla yanaşı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) də xüsusi stendlə təmsil olunur.

QSC-dən AZƏRTAC-a bildirilib ki, sərgidə ziyarətçilərə ətraf mühitin qorunmasının ASCO üçün əsas davamlı inkişaf meyarlarından biri olduğu bildirilib. ASCO gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan neft şlamının, işlənmiş yağların, digər maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqət mərkəzində saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür.

Bundan başqa, vurğulanıb ki, Gəmiçiliyin donanmaları davamlı olaraq bütün ekoloji standartlara cavab verən yeni gəmilərlə zənginləşir. Hazırda Bakı Gəmiqayırma Zavodunda tikilən iki ədəd unikal “Ro-Pax” tipli gəmi-bərə və 4 yeni nəsil tanker də ekoloji nöqteyi-nəzərdən beynəlxalq tələb və normalara tam cavab verəcək.

ASCO-nun stendində ziyarətçilərə maketlər, şəkillər, çap məhsulları, videoçarxların köməkliyi ilə Gəmiçiliyin göstərdiyi xidmətlər və fəaliyyəti haqqında məlumat verilir. Bundan başqa, ətraf mühitin mühafizəsi istiqamətində aparılan ekoloji proseslərin Gəmiçilikdə necə həyata keçirildiyi əyani nümayiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.