İQTİSADİYYAT


ASCO nümayəndələri “YAŞAT” düşərgəsində şəhid övladları üçün maraqlı təqdimatlarla çıxış ediblər

Bakı, 18 avqust, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri şəhid övladları üçün “YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının Şabranda həyata keçirdiyi “YAŞAT” düşərgəsinin son həftəsinin üçüncü günündə maraqlı təqdimatlarla çıxış ediblər.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə iştirakçılara ölkəmizin gəmiçilik tarixi, ənənələri, dənizçi peşəsi, ASCO-nun fəaliyyəti barədə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.

Düşərgədə Dənizkənarı Milli Parkda fəaliyyət göstərən ASCO-nun “Suraxanı” gəmi-muzeyi haqqında da təqdimat keçirilib.

Muzeyin direktoru Tural İbrahimov qeyd edib ki, ümumilikdə 10 ekspozisiya zalından ibarət muzeydə ziyarətçilər Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanış ola bilirlər.

“Suraxanı” gəmisinin muzeyə çevrilməsi barədə nümayiş olunan videonu isə uşaqlar böyük maraqla izləyiblər.

Təqdimatlardan sonra şəhid övladlarına ASCO-nun donanmalarına aid gəmilərin maketləri, “Suraxanı” gəmisinin eksponatları ilə yaxından tanışlıq imkanı yaradılıb. Bundan başqa, onlar xüsusi hazırlanan “Suraxanı pazl” oyununda iştirak ediblər.

Daha sonra ASCO-nun “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun (XYQİK) təqdimatı keçirilib. Klubun rəhbəri, peşəkar dənizçi Tatyana Srebnaya XYQİK-nin fəaliyyəti, yelkənli idman növünün özəlliklərindən danışıb. O, gəncləri Kluba üzv olmağa dəvət edib.

Düşərgə iştirakçıları üçün qapalı hovuzda “Optimist” sinfinə aid qayığın təqdimatı da olub. Onlar qayıqdan istifadə etmək bacarıqlarını sınayıb və tapşırığı uğurla icra ediblər.

İştirakçılara “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi – 160 il” marka kitabı, gəmiçiliyin tarixini əks etdirən fotolardan ibarət açıqcalar hədiyyə olunub.

Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhid övladlarının əmanətləri “YAŞAT” düşərgəsi çərçivəsində ASCO nümayəndələrinin təqdimatlarından razı qaldıqlarını və əldə etdikləri məlumatların onlar üçün maraqlı və faydalı olduğunu bildiriblər.

Qeyd edək ki, ASCO Korporativ Sosial Məsuliyyəti çərçivəsində bu cür layihələrə dəstək verir, şəhid ailələrini və qaziləri daim diqqətdə saxlayaraq onların iştirakı ilə müxtəlif tədbir və layihələr həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.