SİYASƏT
ASEAN Gənclər Təşkilatı yutub kanalında Azərbaycanın 28 may-Respublika günü ilə əlaqədar videoçarx yayımlayıb VİDEO
Cakarta, 28 may, AZƏRTAC
Mayın 28-də ASEAN Gənclər Təşkilatı yutub kanalında 28 may-Respublika Günü münasibətilə xüsusi videoçarx yayımlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə təşkilatçılar ASEAN üzvü olan ölkələrin gəncləri arasında Azərbaycan bayrağının sorğusunu keçiriblər. Tamaşaçılara ölkəmizin coğrafi mövqeyi, paytaxt Bakı şəhəri, əhalisi, Avropa ilə Asiya arasında körpü rolunu oynaması barədə məlumat verilib. Qeyd edilib ki, məhz bu mövqedə yerləşməsi nəticəsində Azərbaycanda çoxsaylı etnik qrupların nümayəndələri yaşayırlar. Əhalinin əksəriyyətinin azərbaycanlılardan ibarət olması ilə yanaşı, burada ləzgilərin, rusların, talışların və digər xalqların nümayəndələrinin dostluq və mehriban qonşuluq şəraitində yaşadığı qeyd edilib. Bildirilib ki, müsəlmanlar dini qruplar arasında üstünlük təşkil etsələr də, burada digər dinlərin nümayəndələri də var və onların ibadət ocaqları mövcuddur. Buna görə də Azərbaycan həm də tolerant ölkə kimi tanınıb və burada heç vaxt dini zəmində qarşıdurma baş verməyib.
Videoçarxda ölkəmizin zəngin təbii ehtiyatlara malik olduğu da vurğulanıb. Qeyd edilib ki, neft və qaz Azərbaycanın yeganə varidatı deyil, bura, həmçinin dünya səviyyəli turizm ölkəsidir. Azərbaycan “Yanardağ”, “İçərişəhər”, Xınalıq kimi qədim tarixi abidələrə malikdir.
Hər il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümünün bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən böyük təmtəraqla qeyd edildiyi də videoçarxda öz əksini tapıb. Onun müsəlman Şərqinin ilk demokratik respublikası olduğu, burada qadınlara Amerikadan və bir çox Avropa ölkələrindən əvvəl seçki hüququnun verildiyi qeyd edilib.
Sonra ASEAN üzvü olan ölkələrin - İndoneziya, Bruney, Kamboca, Laos, Malayziya, Myanma, Filippin, Sinqapur, Tailand və Vyetnam gəncləri tərəfindən hər bir ölkənin doğma dilində Azərbaycan xalqına Respublika Günü münasibətilə təbriklər səslənir: “Milli Günün mübarək, Azərbaycan!”
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio