SİYASƏT


ASEAN-ın yaradılmasının 55-ci ildönümü münasibətilə Bakıda tədbir təşkil edilib

Bakı, 8 avqust, AZƏRTAC

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) yaradılmasının 55-ci ildönümü münasibətilə avqustun 8-də İndoneziyanın Azərbaycandakı səfirliyində Malayziyanın ölkəmizdəki səfirliyi ilə birgə tədbir təşkil edilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir Cənub-Şərqi Asiya regionunda sülh və firavanlığı təbliğ edən ASEAN-ın himninin səsləndirilməsi ilə başlayıb.

İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamid çıxış edərək ASEAN-ın 55-ci ildönümü ilə bağlı tədbirdə iştiraklarına görə qonaqlara təşəkkürünü bildirib. O qeyd edib ki, indiyədək ASEAN ötən müddət ərzində güclü və inkişaf edən Cənub-Şərqi Asiya regionu qurmağa müvəffəq olub. ASEAN digər inkişaf etmiş ölkələrlə əlaqələr yarada və müxtəlif yollarla beynəlxalq aləmdə hesablaşmalı cəmiyyətlərdən birinə çevrilə bilər.

İndoneziya səfiri ASEAN-ın sosial, iqtisadi, siyasi və mədəni aspektlər baxımından əhəmiyyətli irəliləyişlər əldə etdiyini vurğulayıb. Bildirib ki, 10 üzv dövlətdən - Bruney, Kamboca, İndoneziya, Laos PDR, Malayziya, Myanma, Filippin, Sinqapur, Tayland və Vyetnamdan ibarət olan ASEAN Asiyada 3-cü, dünyada isə 5-ci ən böyük bazara çevrilib və ən inkişaf etmiş inteqrasiya olunmuş bazarlardan biridir. Əhalisinin ümumi sayı 667 milyon nəfər olan ASEAN-ın geniş istehlak bazası var və bu, Çin və Hindistandan sonra qlobal miqyasda üçüncü yerdədir.

Malayziyanın Azərbaycandakı səfiri Dato Yubazlan Yusof da 55 illik yubiley münasibətilə ASEAN ölkələrini təbrik edib. Bildirib ki, dostluq ruhuna əsaslanan, üzv dövlətlərin siyasi, iqtisadi və sosial müxtəlifliyini nəzərə alan “ASEAN Yolu” kimi tanınan konsepsiya ilə birləşdiyi ASEAN qlobal dünyada növbəti iqtisadi supergüc kimi tanınır. O, həmçinin ASEAN ölkələrinin hər zaman bir-birini dəstəkləyəcəklərinə, iqtisadiyyatı daha da gücləndirmək, regional sülh və sabitliyi qorumaq məqsədilə birgə işləməklə təcrübə mübadiləsi aparacaqlarına ümidvar olduğunu deyib.

İndoneziya və Malayziya ASEAN icmasının Azərbaycanda təşviqini, ölkəmizlə təşkilat, eləcə də üzv dövlətlərlə əməkdaşlığını gücləndirməyə çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.