Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AŞIQ ŞƏMŞİRİN 110 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

2003-cü ildə Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi Şəmşir Qurban oğlu Qocayevin (Aşıq Şəmşirin) anadan olmasının 110 illiyi tamam olur. Qədim köklərə malik olan Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi vardır. Ömrünün 60 ilini öz sənəti ilə xalqa xidmətə həsr edən el şairi aşıq şerinin ən müxtəlif formalarında gözəl sənət nümunələri yaratmış, canlı həyat lövhələri ilə dolu əsərlərində doğma xalqının fikir və duyğularını yüksək sənətkarlıqla ifadə etmişdir. Şifahi xalq mədəniyyətimizin dərin bilicisi, mahir dastan ifaçısı kimi tanınan söz ustasının bədii yaradıcılığında Azərbaycan təbiətinin gözəllikləri, Vətən sevgisi, torpağa bağlılıq başlıca motivlərdir. Ustad aşığın yaradıcılığı öz qaynağını xalqımızın milli-mənəvi dəyərlərini tərənnüm edən zəngin saz və söz xəzinəsindən, klassik sənətkarlarımızın bədii irsindən alır. Azərbaycan aşıq sənətinin inkişafında böyük xidmətləri olan Aşıq Şəmşirin 110 illik yubileyinin ölkəmizdə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi və Elmlər Akademiyası Yazıçılar Birliyi ilə birlikdə Aşıq Şəmşirin 110 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsinlər.

2. Azərbaycan Respublikasının Xanlar rayonundakı musiqi məktəbinə Aşıq Şəmşirin adı verilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 iyul 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin